“Roma”nın baş məşqçisi Klaudio Ranyeri “canavarlar”ın argentinalı yarımmüdafiəçisi Leandro Paredes haqda fikrini bildirib.
Arena.az italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Paredes sadəcə bir və ya iki toxunuşa ehtiyacı olan inanılmaz pleymeykerdir. Bu, mənim bəyəndiyim oyunçudur. Onun təcrübəsi var və oyunun nəbzini diktə edə bilir”, deyə Klaudio Ranyeri vurğulayıb.
Xatırladaq ki, Leandro Paredes 2023-cü ilin avqust ayında Fransa nəhəngi PSJ-dən 2,5 milyon avro müqabilində “Roma”ya keçib. 30 yaşlı yarımmüdafiəçinin “canavarlar”la müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqaviləsi var. O, cari mövsümdə paytaxt klubunun heyətində 13 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Boka Xuniors”un yetirməsi olan Paredes daha öncə 2014-2017-ci illərdə də “Roma”da çıxış edib. Argentinalı futbolçunun paytaxt klubundakı ümumi statistikası 115 oyun, 10 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
İtaliyada “Kyevo”nun da formasını geyinmiş Leandro Paredes 2017-ci ildə “Roma”dan Sankt-Peterburq “Zenit”inə keçib. 2017-2019-cu illərdə “Zenit”də oynamış “dayaqçı” daha sonra PSJ-yə keçib, 2022-ci ilin yayınadək Paris klubunun uğurları üçün çalışıb. O, 2022-ci ilin avqustunda “Yuventus”a icarəyə verilib, bir mövsüm də Turin klubunun formasını geyinib.
Paredes 2017-ci ildə debüt etdiyi Argentina yığmasının heyətində 70 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Leandro ölkəsinin millisi ilə 2022-ci ildə Qətərdə keçirilmiş FIFA Dünya Kubokunu qazanıb. O, iki dəfə də (2021, 2024) Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


