Daha öncə xəbər verdiyimiz kimi, “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.
Arena.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoxlama oyunlarına dəvət alıb.
Gənc futbolçu bununla əlaqədar klubun rəsmi saytına açıqlama verib. Şahin Şahniyarov bunları dilə gətirib:
“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər bir futbolçunun ən böyük arzusu öz milli komandasına dəvət almasıdır. Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəyəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacağam”.


