Yassin Benzya “Qarabağ”a “hə” deməyə tələsmir – Səbəb

Azərbaycanda çıxış edən ən səviyyəli legionerlərdən biri olan “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzya ilə bağlı qeyri-müəyyənlik var. Belə ki, 30 yaşlı futbolçunun növbəti mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.

Arena.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq hücumameyilli yarımmüdafiəçi yeni sözləşmə ilə bağlı klubla danışıqları davam etdirir.

Klub rəhbərliyi Əlcəzair millisinin üzvünə müəyyən şərtlər fonunda 2 il müddətinə nəzərdə tutulmuş yeni saziş təklif etsə də, Yassin hələ də qarşı tərəfə “hə” deməyib. Təcrübəli futbolçu bölgə təmsilçisi ilə başqa klublardan maddi anlamda daha cəlbedici çağırış almayacağı halda, anlaşma yeniləmək niyyətindədir. Bu da var ki, “Qarabağ”ın ona olan münasibətindən məmnun olan Yassin digər təkliflərlə ağdamlıların ortaya qoyduğu şərtlər arasında böyük fərq olmayacağı təqdirdə, daha az maaşa indiki iş yerində qalacaq. Benzyanın hazırkı təkliflərinə gəlincə, onu Fransa, Yunanıstan və Əlcəzair klubları azad agent qismində heyətə qatmaqda maraqlıdırlar.

Qeyd edək ki, cari mövsümdə “köhlən atlar”ın forması ilə bütün turnirlərdə 41 matça çıxmış Yassin Benzya 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 95 oyuna çıxıb, 25 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 14 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: