Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolu təmsilçisi bu gün Türkiyə Super Liqasına vəsiqə yolunda növbəti pley-off matçına çıxıb.
Sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin yarımfinalında “Bandırmaspor”la qarşılaşıb. Doğma meydanda keçirilmiş oyun “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Vüsal bu görüşün 71-ci dəqiqəsində, hesab 1:3 olarkən meydana buraxılıb. Amma azərbaycanlı futbolçu da komandasını ağır məğlubiyyətdən xilas edə bilməyib.
Xatırladaq ki, Bolu təmsilçisi pley-offun 1/4 finalında “İstanbulspor”la qarşılaşmış və 2:1 hesablı qələbəyə sevinməklə yarımfinala yüksəlmişdi. “Boluspor”la “Bandırmaspor” arasındakı cavab qarşılaşması mayın 23-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qalib gələcək komanda Super Liqaya vəsiqə uğrunda final görüşündə Birinci Liqada mövsümü 3-cü sırada bitirmiş “Fatih Karagümrük”lə qarşılaşacaq.
Xatırladaq ki, Birinci Liqanın cari mövsümünün qalibi olmuş “Kocaelispor” və ikinci yeri tutmuş “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıblar. Son dörd pillədə yer almış “Ankaragücü”, “Şanlıurfaspor”, “Adanaspor” və “Yeni Malatyaspor” klubları İkinci Liqaya yuvarlanıblar.
Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 40 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.


