Futbol üzrə Nigeriya millisinin və İtaliyanın “Milan” klubunun sağ vingeri Samuel Çukvueze bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.
Xatırladaq ki, Samuel Çukvueze 2023-cü ilin yayında İspaniyanın “Vilyarreal” klubundan 20 milyon avro müqabilində İtaliya təmsilçisinə keçib. “Vilyarreal”ın yetirməsi olan nigeriyalı vinger La Liqa klubunun əsas komandasında 207 oyun keçirib, 37 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan” karyerası isə 70 oyun, 8 qol və 6 məhsuldar ötürmədən ibarətdir.
Çukvueze 2018-ci ildə debüt etdiyi Nigeriya millisində də 46 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Fulhem” Donetsk “Şaxtyor”unun braziliyalı vingeri Kevini də heyətinə qatıb. İngiltərə klubu bu keçid üçün Ukrayna nəhənginə 40 milyon avro ödəyib. Kevin Premyer Liqa təmsilçisi ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Tam adı Kevin Santos Lopes de Masedo olan braziliyalı futbolçu “Şaxtyor”a 2024-cü ilin qışında 12 milyon avro müqabilində “Palmeyras”dan keçmişdi. O, Ukrayna klubunun heyətində 57 oyuna çıxıb, 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.



