Cordan Pikford “Everton”la yeni müqaviləyə imza atdı

İngiltərə milli komandasının qapıçısı Cordan Pikford Premyer Liqada mübarizə aparan “Everton” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçunun klubla müddəti 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulan yeni müqaviləyə imza atdığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin yayına qədər idi.

Xatırladaq ki, Cordan Pikford 2017-ci ilin iyul ayından “Everton”da çıxış edir. Sözügedən klub həmin vaxt onu “Sanderlend”dən 28,5 milyon avroya transfer etmişdi. Pikford bu komandanın heyətində 326 matça çıxıb, 453 qol buraxıb. Təcrübəli qolkiper 91 matçda da qapısını toxunulmaz saxlamağa nail olub.

İngiltərə millisinin üzvü “Everton” və “Sanderlend”dən başqa, “Bredford Siti”, “Preston Nort End”, “Karlayl Yunayted”, “Darlinqton”, “Barton” və “Olfreton Taun”da da oynayıb.

Pikford 2017-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 80 oyun keçirib, 53 qol buraxıb, 42 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: