DÇ-2026-nın seçmə mərhələsinin İrlandiya ilə səfər oyunu Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo üçün antikerordla əlamətdar olub.
Arena.az xəbər verir ki, Dublində baş tutmuş bu oyunda hamı 40 yaşlı ulduz hücumçudan növbəti qol rekordunu gözlədiyi halda, o, oyunun 59-cu dəqiqəsində, hesab 0:2 rəqibin xeyrinə ikən yığmasının heyətində ilk dəfə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bununla da Kristiano millidə ilk dəfə “qırmızı”yla cəzalandırılıb. Oyun isə İrlandiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Ronaldo Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qolla mütləq dünya rekordunun sahibidir.
Yeri gəlmişkən, Portuqaliya yığmasının və “Əl-Nəsr”in kapitanı sosial şəbəkələrdə qınaq hədəfinə çevrilib. Buna səbəb 40 yaşlı portuqal ulduzun britaniyalı məşhur jurnalist Pirs Morqana müsahibəsində səsləndirdiyi cavablarda “mənəmlik eşqi”dir.
Azarkeşlər belə qənaətdədir ki, Kristiano “özünü dağ başına qoyur”.
Xatırladaq ki, daha əvvəl dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo çıxış edərək, 40 yaşlı portuqaliyalı adaşının özünün futbolda ən yaxşı qəbul etməsi fikri ilə razılaşmadığını bildirmiş və “Yekədiş” öz fikrinin bir həqiqət olduğunu vurğulamışdı.


