Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün qalan hissəsinə hazırlaşan “Sabah” hücumçu Neqoş Kupusoviç ilə vidalaşıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
24 yaşlı mərkəz hücumçusu 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Kupusoviç cari mövsümdə cəmi 4 oyuna çıxsa da, fərqlənə bilməmişdi.
“Sabah” Kupusoviçə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
“Srvena Zvezda”nın yetirməsi olan Neqoş Kupusoviç karyerası ərzində Almaniyanın “Ersgebirge” (Aue, 2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında da çıxış edib.



