İngiltərə millisinin və “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, buna 26 yaşlı futbolçunun bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşması səbəb olub. Milli üzvü yanvarın 3-də Londonun şimalındakı malikanəsinin yaxınlığında, saatda 48 km sürət məhdudiyyəti olan zonada “Land Rover” markalı avtomobilini 60 km/saat sürətlə idarə edib. Yanvarın 8-də isə eyni ərazidə sürət həddi 64 km/saat olan yolda 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.
Məhkəmənin qərarı ilə futbolçu sürücülük hüququndan məhrum edilməklə yanaşı, 2185 funt-sterlinq (təxminən 4980 manat) məbləğində cərimələnib.
Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.
Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rays “Arsenal”ın heyətində 28 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 131 oyun, 20 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.
Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


