Futbol üzrə Qana yığmasının və “Tottenhem”in sağ vingeri Məhəmməd Kudus bu il keçiriləcək dünya çempionatını (DÇ-2026) buraxacaq.
Arena.az xəbər verir ki, buna 25 yaşlı vingerin zədəsinin sağalmaması səbəb olub.
Afrikalı oyunçu yanvarın 4-də Premyer Liqanın 20-ci turunda “Sanderlend”lə matçda (1:1) xəsarət almışdı. Onun zədəsi apreldə yenidən təkrarlanıb.
Xatırladaq ki, Qana millisi iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının L qrupunda İngiltərə, Xorvatiya və Panama yığmaları ilə qarşılaşacaq.
“Tottenhem” Məhəmməd Kudusu 2025-ci ilin yayında “Vest Hem”dən 63,8 milyon avro müqabilində heyətinə qatıb. 25 yaşlı vingerin London klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, cari mövsümdə “Tottenhem”in heyətində bütün rəsmi turnirlərdə 26 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Məhəmməd Kudus daha öncə “Ayaks”, “Vest Hem” və “Nordsyelland” kimi klubların da şərəfini qoruyub.
Kudus Qana yığmasında da 46 matça çıxıb, 13 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


