Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün Malta yığma komandası ilə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşıb.
Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil edilmiş oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi Mixali Kaprali olub.
Malta yığması millimiz üçün kifayət qədər tanış rəqib idi. Komandamız daha öncə bu rəqiblə 9 oyun keçirmişdi. Bu oyunlardan üçü bərabərliklə bitmiş, dördündə Malta yığması, ikisində isə millimiz qalib gəlmişdi. Maltalıların bütün qələbələri məhz yoxlama oyunlarına təsadüf etmişdi. Rəsmi turnirlərdəki oyunlar isə bu komanda üçün o qədər də uğurlu alınmayıb.
Maraqlıdır ki, Malta budəfəki yoxlama oyunundan da qələbə ilə ayrılıb. Azərbaycan millisi iki cavabsız qolla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi bu ayın 9-da San Marino yığması ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
5 iyun
Azərbaycan – Malta 0:2
Qollar: Jozef Mbonq, 65; Aleksander Satariano, 86
Hakimlər: Mixali Kaprali, Balaş Buzaş, Bençe Belitsa, Tamaş Boqnar (Hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.
Azərbaycan: 1. Emil Balayev, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (k) (26. Ayxan Hüseynov, 84), 3. Elvin Cəfərquliyev, 21. Qismət Alıyev (16. Tellur Mütəllimov, 70), 20. Aleksey İsayev, 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 46), 7. Toral Bayramov (22. Rüstəm Əhmədzadə, 70), 11. Xəyal Əliyev (19. Nəriman Axundzadə, 9 / 17. Vüsal İsgəndərli, 70), 10. Mahir Emreli (9. Renat Dadaşov, 70).
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 18. Cəlal Hüseynov, 24. Səbuhi Abdullazadə, 25. Rüfət Abbasov.
Baş məşqçi: Ayxan Abbasov.
Malta: 16. Raşed Əl Tumi (12. Seyms Sissons, 90+3), 5. Kurt Şou, 6. Metyu Killomier (k) (11. Brendon Payber, 62), 10. Teddi Teuma (8. Pol Mbonq, 62), 13. Enriko Pepe (4. Qabriel Mentz, 62), 14. Alexandro Qarsia (7. Jozef Mbonq, 46), 20. İlyas Şuaref (19. Karlo Lonardelli, 84), 21. Xuan Korbalan (22. Zaç Maskat, 46), 23. Aleksander Satariano (17. Seyk Azzopardi, 90+3), 25. Andrea Zammit (15. Maylz Birman, 46), 26. Keyon Evurum (24. Kevin Kannavo, 62).
Ehtiyat oyunçular: 1. Henri Bonello, 2. Xin Borq, 3. Kin Sikluna, 9. Seyk Qrex, 18. Bazil Tuma.
Baş məşqçi: Emilio De Leo.


