Kristiano Ronaldo DÇ-2026-da bir neçə tarixi rekorda imza atdı

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2026-da Konqo DR ilə oyunda meydana çıxmaqla daha bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, mundialın qrup mərhələsinin ilk turunun bu görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ronaldo start heyətində meydana çıxmaqla futbol tarixinə daha bir neçə rekord əlavə edib. Portuqal ulduz ilk növbədə, dünya çempionatlarının final mərhələsində iştirak edən futbolçular arasında xüsusi bir göstəriciyə nail olub. O, karyerasında altıncı dünya çempionatında meydana çıxaraq bu göstəricidə yalnız Lionel Messi ilə eyni səviyyəyə yüksəlib. Beləliklə, Ronaldo və Messi dünya çempionatlarının altı final mərhələsində iştirak edən yeganə futbolçular olublar.

Konqo DR ilə qarşılaşma Ronaldonun dünya çempionatlarındakı 23-cü oyunu kimi tarixə düşüb. Bu göstərici ilə o, əfsanəvi italiyalı müdafiəçi Paolo Maldini ilə bərabərləşərək turnir tarixində ən çox oyun keçirən futbolçular siyahısında dördüncü pilləyə yüksəlib. Ondan yuxarıda yalnız Messi (27 oyun), Lotar Matteus (25 oyun) və Miroslav Kloze (24 oyun) qərarlaşıblar.

41 yaşlı portuqaliyalı daha bir mühüm nailiyyətə imza atıb. O, dünya çempionatlarında meydana çıxan ən yaşlı avropalı futbolçu olub. Bununla da Ronaldo 1986-cı ildə son dünya çempionatı oyununu 41 yaşında keçirmiş Şimali İrlandiya yığmasının sabiq qapıçısı Pat Jenninqsin rekordunu geridə qoyub.

Bununla yanaşı, Ronaldo dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu da yeniləyib. Qarşılaşma zamanı onun yaşı 41 il 132 gün idi. Bu göstəricidə onu yalnız 2018-ci il mundialında 45 yaş 161 günündə start heyətində meydana çıxmış misirli qapıçı Essam El-Hadari qabaqlayır.

Xatırladaq ki, 41 yaşlı Ronaldo karyerası ərzində:

5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub;
Avropa çempionu adını qazanıb;
2 dəfə UEFA Millətlər Liqasını qazanıb;
Milli komandalar tarixinin ən məhsuldar bombardiridir;
Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarının qol rekordlarına sahibdir;
5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real” kimi nəhəng klubların formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: