Futbol üzrə Argentina milli komandasının kapitanı və ulduz hücumçusu Lionel Messi dünya futbolu tarixinə daha bir neçə rekordla düşüb.
Arena.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirdikləri oyunda tarixi nailiyyətlərə imza atıb.
Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu qarşılaşmada argentinalı forvard hesabı açaraq komandasını önə keçirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 17-ci olub. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq mundialların ən yaxşı bombardiri adına yiyələnib. Klozenin aktivində 16 qol var idi.
Bundan başqa, Messi ardıcıl altıncı dünya çempionatı oyununda da fərqlənərək daha bir rekordu təkrarlayıb. Argentinalı futbolçunun qolluq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayıb və DÇ-2026-da da davam edir. Daha əvvəl belə nəticəyə yalnız Fransa millisinin sabiq hücumçusu Just Fontaine (1958) və Braziliya yığmasının əfsanəvi forvardı Jairzinyo (1970) nail olmuşdu. Lakin onlar bunu eyni turnir çərçivəsində bacarmışdılar.
Messi bu qarşılaşmada bir antirekorda da imza atıb. Oyunun 9-cu dəqiqəsində təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyən hücumçu dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu olub. Bu, onun mundiallarda əsas vaxt ərzində qaçırdığı üçüncü penalti olub. Bununla da Messi daha əvvəl bu göstəricidə şərik olduğu Qana millisinin sabiq futbolçusu Asamoa Qyanı geridə qoyub.
Beləliklə, Avstriya ilə oyunda həm tarixi bombardir rekordunu qıran, həm ardıcıl qol seriyası rekordunu təkrarlayan, həm də penalti antirekorduna sahib çıxan Lionel Messi dünya futbol tarixindəki mövqeyini daha da möhkəmləndirib.


