Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin son turunda Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qapılara qol vurulmayıb.
Roberto Martines matçdan sonra bunları söyləyib:
“Çətin oyun idi və biz bunu gözləyirdik. Hava şəraiti də əlverişsiz idi, həmçinin birə-bir mübarizələrə girən Cənubi Amerika komandasına qarşı oynayırdıq.
Hücumda çox pressinq etdik. Çalışırdıq ki, topa nəzarət edək. Vitinya kimi oyunçuların istedadından bəhrələnmək lazım idi.
Bununla belə, bu qarşılaşma bizim üçün çox böyük təcrübə oldu. Güclü xarakter göstərdik və qapımızı toxunulmaz saxlamaq üçün mübarizə apardıq. Qapıçımız Dieqo Kostanın bu səviyyədə çıxışını görmək çox sevindiricidir”.
Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso isə heç-heçəyə belə şərh verib:
“Fikrimcə, Kolumbiya komandası oyunun əvvəlindən sonuna qədər çox yaxşı çıxış etdi. Qələbəyə layiq idik, çox sayda qol şansı yaratdıq, sadəcə son zərbələrdə dəqiqlik çatmadı.
Futbolçularımı göstərdikləri böyük əzmkarlığa görə təbrik etmək istəyirəm, onlar bu gün meydanda əla performans sərgilədilər. Portuqaliya güclü komandadır və yaxşı baş məşqçiyə malikdir, lakin, fikrimcə, bu gün biz onlardan daha yaxşı oynadıq”.


