DÇ-2026-nın 1/16 final mərhələsində Konqo Demokratik Respublikası yığması ilə oyun İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Avropa təmsilçisi bu oyunda 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/8 finala yüksəlib. Qarşılaşmanın əsas qəhrəmanı isə dubl etmiş Keyn olub.
32 yaşlı hücumçu bu qollar sayəsində dünya çempionatları tarixinin bombardirləri siyahısında daha bir pillə irəliləyib. Keyn mundiallarda vurduğu qolların sayını 13-ə çatdıraraq əfsanəvi Peleni (12 qol) geridə qoyub və Fransa millisinin sabiq hücumçusu Jüst Fontenə çatıb.
Hazırda dünya çempionatları tarixinin bombardirləri siyahısına Lionel Messi 19 qolla başçılıq edir. Sonrakı pillələrdə Kilian Mbappe (18), Miroslav Kloze (16), Ronaldo Nazario (15), Gerd Müller (14), Harri Keyn və Jüst Fonten (hərəyə 13), eləcə də Pele (12) qərarlaşıblar.
Keynin dublu İngiltərə millisi üçün də tarixi əhəmiyyət daşıyıb. “Üç şirlər” dünya çempionatlarında 60 ildən sonra ilk dəfə hesabda geriyə düşdüyü oyunda qalib gəlib.
İngiltərə yığması sonuncu dəfə buna 1966-cı ildə ev sahibliyi etdiyi mundialın finalında nail olmuşdu. Həmin görüşdə almanlar hesabı açsa da, ingilislər əlavə vaxtda 4:2 hesablı qələbə qazanaraq dünya çempionu olmuşdular.
Həmin finaldan sonra İngiltərə dünya çempionatlarında hesabda geriyə düşdüyü 13 qarşılaşmanın heç birini qazana bilməmişdi. Konqo DR üzərindəki 2:1 hesablı qələbə bu 60 illik uğursuz seriyaya da son qoyub.
İngiltərə millisi 1/8 finalda Meksika ilə qarşılaşacaq.


