“Portu” Kivyorun transfer hüququnu “Arsenal”dan aldı

Portuqaliyanın “Portu” klubu Polşa millisinin və London “Arsenal”ının müdafiəçisi Yakub Kivyorun transfer hüququnu birdəfəlik əldə edib.

Arena.az xəbər verir ki, bu barədə həm Portuqaliya, həm də İngiltərə klubu rəsmi məlumat yayıb.

Bildirilib ki, ötən mövsümü icarə əsasında Portuqaliya təmsilçisində keçirmiş Kivyorla 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalanıb. Beləliklə, “Portu” əvvəlki razılaşmada nəzərdə tutulan satınalma hüququndan istifadə edərək transferi rəsmiləşdirib. Bu keçid üçün “Arsenal”a 17 milyon avro ödənilib.

26 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Portuqaliya nəhənginin müdafiə xəttinin əsas simalarından biri olub. Onun sabit çıxışı və etibarlı oyunu klub rəhbərliyinin futbolçunu daimi əsasda heyətdə saxlamaq qərarı verməsində mühüm rol oynayıb. Müdafiəçi bu komandanın heyətində 39 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kivyor 2023-cü ilin qış transfer pəncərəsində İtaliyanın “Spetsiya” klubundan “Arsenal”a keçmişdi. London təmsilçisinin heyətində ümumilikdə 68 rəsmi oyunda meydana çıxmış polşalı futbolçu 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Müdafiəçi peşəkar karyerası ərzində “Anderlext”, “Podbrezova”, “Jilina” və “Spetsiya” kimi klubların da şərəfini qoruyub.

2022-ci ildən Polşa millisində forma geyinən futbolçu meydana çıxdığı 45 oyunda 2 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: