Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-nın 1/16 final mərhələsində Misir yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Popoviç komandasının turnirdən erkən ayrılmasına görə məyus olduğunu bildirib və futbolçularının çıxışından qürur duyduğunu vurğulayıb:
“Hazırda futbolçularla danışmağın vaxtı deyil. Bunun üçün hələ vaxt olacaq. Mən onlarla qürur duyuram. Penaltiləri qaçıran oyunçular barədə də düşünmürəm. Təəssüf ki, evə qayıdırıq və dünya çempionatı bizim üçün başa çatır”.
Avstraliyalı mütəxəssis penaltilər seriyasından əvvəl qapıçı dəyişikliyi etmələrinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, təcrübəli Metyu Rayanın penaltilərdə daha uğurlu ola biləcəyini düşünüblər:
“Bu variant həmişə nəzərdən keçirilirdi. Metyu çox təcrübəlidir və penaltilərin dəf edilməsi baxımından yaxşı statistikaya malikdir. Patrik hələ gənc qapıçıdır. Təcrübənin həlledici rol oynayacağını düşündük. Bu qərar nəticə vermədi, amma bu, Metyunun zəif çıxışı və ya səhv qiymətləndirmə ilə bağlı deyil. Sadəcə, Misir futbolçuları penaltiləri çox yüksək səviyyədə yerinə yetirdilər”.
Toni Popoviç əlavə edib ki, Avstraliya millisi bütün turnir ərzində nümayiş etdirdiyi mübarizə ilə ölkə azarkeşlərinin rəğbətini qazanıb.
Misir millisinin baş məşqçisi Hossam Hassan isə tarixi qələbəni həm Misir, həm də Fələstin xalqına həsr etdiyini bildirib:
“Misiri təbrik edirəm. Bu uğur bütün Misir üçündür. Biz ərəb və Afrika futbolsevərlərinə qürur yaşatdıq. Allaha şükür edirəm ki, xalqımızın və dünyanın hər yerindəki azarkeşlərimizin dəstəyi sayəsində bizi mükafatlandırdı. Misir azarkeşləri dünyanın ən yaxşı və ən sədaqətli azarkeşləridir. Onların hər birini təbrik edirəm”.
Təcrübəli mütəxəssis Fələstin xalqına da xüsusi dəstək ifadə edib:
“Fələstinlilərin bu qələbəyə necə sevindiklərini gördük. Allah onlara güc versin. Bu qələbəni Misir və Fələstin xalqına həsr edirəm”.
Qeyd edək ki, Misir millisi Avstraliyanı penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə qazanıb və DÇ-2026-nın 1/8 finalına yüksəlib. Burada Afrika təmsilçisi Argentina – Kabo Verde cütünün qalibi ilə qarşılaşacaq.


