Dünya çempionatında (DÇ-2026) 1/16 final mərhələsinin Kabo Verde ilə oyunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, vaxtda 3:2 hesabıyla məğlub etdikləri Kabo Verde ilə görüşdə yığmanın sükanı arxasında əlamətdar yubileyə imza atıb.
48 yaşlı mütəxəssis bu görüşdə Argentina millisinin baş məşqçisi kimi 100-cü oyununa çıxıb. O, 2018-ci ilin avqustundan komandaya rəhbərlik edir və bu müddətdə yığmanı dünya futbolunun ən uğurlu kollektivlərindən birinə çevirib.
Skaloninin rəhbərliyi altında Argentina 100 oyunun 73-də qalib gəlib, 18 heç-heçə edib, cəmi 9 dəfə məğlub olub. Komanda bu qarşılaşmalarda 209 qol vurub, 52 qol buraxıb.
Onun rəhbərliyi dövründə Argentina millisi dörd nüfuzlu titul qazanıb. “Albiseleste” 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub, 2022-ci ildə İtaliya üzərində qələbə qazanaraq Finalissima kubokunu əldə edib, elə həmin il Qətərdə keçirilmiş dünya çempionatında da çempionluğa sevinib.
Skaloninin dövründə millinin ən məhsuldar futbolçusu Lionel Messi olub. Təcrübəli hücumçu baş məşqçinin rəhbərliyi altında keçirdiyi oyunlarda 59 qol vuraraq komandanın əsas liderinə çevrilib.
100-cü oyununda qələbə qazanan Lionel Skaloni, həmçinin Argentina millisinin tarixində bu həddə ən sürətli çatan məşqçilərdən biri kimi də diqqət çəkir. Bununla belə, yığmanın tarixi rekordları hələ də əfsanəvi çalışdırıcı Gilyermo Stabileyə məxsusdur. O, 1939-1960-cı illərdə Argentina millisini 127 oyunda meydana çıxarıb və 85 qələbə qazanıb.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın 1/8 finalında Misir yığması ilə qarşılaşacaq.


