DÇ-2026-nın oyunu üçün görünməmiş təhlükəsizlik tədbirləri

DÇ-2026-nın 1/8 final mərhələsinin İngiltərə – Meksika qarşılaşması misli görünməmiş təhlükəsizlik tədbirləri ilə yadda qalacaq.

Arena.az xəbər verir ki, bu görüş İngiltərə millisinin tarixində təhlükəsizlik baxımından ən genişmiqyaslı polis əməliyyatının müşayiəti ilə keçirilən oyun olacaq.

Meksikanın paytaxtındakı əfsanəvi “Asteka” stadionunda baş tutacaq qarşılaşma zamanı stadionun ətrafında 7 500 polis əməkdaşı xidmət aparacaq. Müqayisə üçün qeyd olunur ki, AÇ-2020-nin Londonun “Uembli” stadionunda keçirilən finalında bundan təxminən dörd dəfə az polis qüvvəsi cəlb edilmişdi.

Bununla yanaşı, Meksika şəhərində təhlükəsizlik tədbirləri daha da genişləndirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, matç günü şəhərdə ümumilikdə 40 min təhlükəsizlik əməkdaşı, o cümlədən 17 min polis xidmət aparacaq. Azarkeşlərin ən çox toplaşdığı Paseo de la Reforma prospektində isə 14 min əməkdaş yerləşdiriləcək.

Hakimiyyət orqanları milyonlarla insanın küçələrə çıxacağını gözləyir. Bu səbəbdən İngiltərə azarkeşlərinin bir qismi təhlükəsizlik məqsədilə şəhərdə milli komandanın emblemi olan formalarla gəzməkdən çəkinir. Hazırda Meksika şəhərində təxminən 8 min ingiltərəli azarkeşin olduğu bildirilir.

Bundan əlavə, “Müstəqillik Mələyi” abidəsinin ətrafında toplaşa biləcək insanların sayı 25 min nəfərlə məhdudlaşdırılıb. Limit dolduqdan sonra ərazi bağlanacaq və azarkeşlər digər zonalara yönləndiriləcəklər.

Belə ciddi tədbirlərin görülməsinə səbəb iyunun 30-da DÇ-2026 çərçivəsində keçirilmiş və Meksikanın Ekvador üzərində qələbə qazandığı oyundan sonra baş verən faciə olub. Həmin vaxt təxminən 1 milyon insanın iştirak etdiyi kütləvi bayram zamanı yaranan izdiham nəticəsində 4 nəfər həyatını itirmişdi. Dünya çempionatının təşkilatçıları bu cür hadisənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə çatdırıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: