Kristiano Ronaldo: “DÇ-2026 mənim son mundialımdır”

Kristiano Ronaldo hazırda davam edən dünya çempionatının (DÇ-2026) onun futbolçu karyerasındakı son mundial olacağını açıqlayıb.

Arena.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı bu barədə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatında jurnalistlərə danışıb.

“Bəli, bu, mənim son dünya çempionatım olacaq. Bu turnirdən həzz almaq lazımdır”, – deyə Ronaldo bildirib.

41 yaşlı hücumçu tarixdə altı dünya çempionatında iştirak edən ilk futbolçu kimi artıq bir sıra rekordlara imza atıb. O, daha əvvəl də milli komandadakı gələcəyi ilə bağlı yekun qərarı turnirdən sonra verəcəyini bildirmişdi.

Qeyd edək ki, Kristiano Ronaldo ötən ilin noyabrında dünya çempionatının seçmə mərhələsində qırmızı vərəqə aldıqdan sonra növbəti oyunu buraxmış, əlavə iki oyunluq diskvalifikasiya isə bir illik sınaq müddəti ilə şərti cəza ilə əvəz edilmişdi. Bu qərar sayəsində təcrübəli hücumçu 2026-cı il dünya çempionatının final mərhələsində Portuqaliya millisinin heyətində çıxış etmək imkanı qazanmışdı.

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı iyulun 19-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: