İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatının 1/8 finalında Meksika üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb:
“Futbolçularımla fəxr edirəm. Bu oyunda hər şeyimizi ortaya qoymalı olduq və matç çox çətin keçdi. Elə məqamlar olurdu ki, oyuna nəzarəti ələ aldığımızı düşünürdük, amma dərhal sonra eniş yaşayırdıq.
Bu komanda dünya çempionatında nə qədər əzmkar olduğunu göstərir. İşlər çətinləşəndə onlar heç vaxt təslim olmur, özlərinə inamlarını itirmirlər. Bu qələbə irəliyə doğru daha bir addımdır.
Biz bunu qəbul etməliyik. Bu, “Asteka” stadionudur, bu, Meksikadır, bu, dəli oyundur. Hər birimiz bu qarşılaşmada bütün gücümüzü ortaya qoyduq. İndi isə növbəti mərhələyə yüksəlmişik”, deyə Tuxel vurğulayıb.
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre isə məğlubiyyətə baxmayaraq, futbolçularından razı qaldığını bildirib:
“Komandama heç bir irad tuta bilmərəm. Əlimizdən gələnin ən yaxşısını etdik və çox yaxşı komandamız var. Bu, ən yüksək səviyyədir. Burada buraxılan hər səhvin bədəli ağır olur.
Say üstünlüyündən yararlanmaq üçün risk edib dəyişikliklər etdik, amma planımız alınmadı. Mən yalnız bizə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edə bilərəm”.
Meksika millisi bununla doğma azarkeşləri önündə keçirilən dünya çempionatındakı mübarizəsini başa vurub, İngiltərə isə 1/4 finalda Norveçlə üz-üzə gələcək.


