Kristiano Ronaldo dünya çempionatlarında son oyununu keçirdi

Portuqaliya milli komandasının ulduz hücumçusu Kristiano Ronaldo futbol üzrə dünya çempionatlarında karyerasının son oyununa çıxıb.

Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu DÇ-2026-nın 1/8 final mərhələsində İspaniyaya qarşı keçirdikləri və Portuqaliyanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış qarşılaşmada sonuncu dəfə mundialda forma geyinib.

Ronaldo mundiallar tarixində ümumilikdə 27 oyun keçirib. Bu göstərici turnir tarixində ikinci ən yaxşı nəticədir. Rekord isə 30 oyunla Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur.

Portuqaliyalı hücumçu dünya çempionatlarında 11 qol vurub. Onlardan yalnız biri pley-off mərhələsində qeydə alınıb. Ronaldo həmin qolu DÇ-2026-nın 1/16 finalında Xorvatiya üzərində 2:1 hesablı qələbə ilə başa çatan oyunda vurmuşdu.

İspaniya ilə qarşılaşmadan əvvəl Ronaldo bu dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlamışdı. Onun dünya çempionatlarındakı ən böyük uğuru 2006-cı ildə Portuqaliya ilə qazandığı dördüncü yer olub.

Bundan əvvəl Ronaldonun bacısı futbolçunun mundialdan sonra milli karyerasını başa vuracağını bildirsə də, ulduz hücumçu bunu təkzib edib. O, yığmadakı gələcəyi ilə bağlı hələ yekun qərar vermədiyini söyləyib.

Beşqat “Qızıl top” mükafatçısı olan Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasını qazanıb, Avropa çempionu və ikiqat UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo daha əvvəl Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarının da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: