De la Fuente Portuqaliya üzərində çətin qələbəni şərh etdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/8 finalında Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İspan mütəxəssis 91-ci dəqiqədə əvəzetmədən meydana daxil olaraq qələbə qolunu vurmuş Mikel Merinonun komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Həlledici rolu əvəzetmədən oyuna daxil olan futbolçular oynayırlar. Merinoya dedim ki, öz futbolumuzu oynamağa davam etməliyik. Onun vəzifəsi yarımmüdafiə ilə hücum arasında balans yaratmaq idi. Onun meydana çıxması ilə komandaya lazım olan tempi və enerjini qazandıracağımıza inanırdıq.

Ehtiyat oyunçular skamyasından daxil olan futbolçuların töhfəsi möhtəşəm idi. Bu isə təəccüblü deyil, çünki sərəncamımızda yüksək səviyyəli 26 futbolçu var”, – deyə de la Fuente FIFA-nın rəsmi saytına bildirib.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines isə minimal hesablı məğlubiyyətin ardından komandasının oyundan başıuca çıxdığını bildirib:

“Portuqaliya xalqı bu komanda və bu futbolçularla fəxr edə bilər. Çox təəssüflənirik. Bir dəfə topumuz dirəyə dəydi. Düşünürəm ki, oyunu əlavə vaxta daşımağa layiq idik.

Müdafiədə yaxşı çıxış etdik. Dünya çempionatının favoritlərindən birinə qarşı oynayırdıq. Ola bilsin ki, bizə sadəcə bir qədər şans çatmadı. Bu gün bəxt bizim tərəfdə deyildi. Oyun tamamilə bərabər keçdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: