Ronaldo: “Əlimdən gələni etdim və vicdanım rahatdır”

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026-dan sonra gələcəyi barədə düşünmək üçün özünə vaxt verəcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, 41 yaşlı hücumçu mundialdan əvvəl bu turnirin karyerasındakı son dünya çempionatı olacağını bəyan etmişdi.

O, yarışdan sonra milli komandadakı və klub karyerasındakı gələcəyi barədə tələsmədən qərar verəcəyini söyləyib:

“Doğrudur, bu mənim son dünya çempionatım idi. Qalan məsələlərə gəlincə isə, düşünmək, ailəmlə vaxt keçirmək və tələsik qərarlar verməmək üçün imkanım olacaq. Bundan sonra yoluma davam edəcəyəm”, – deyə Ronaldo bildirib.

Portuqaliyalı ulduz mundialı bu cür tərk etdiyinə görə məyus olduğunu da gizlətməyib:

“Təbii ki, dünya çempionatını belə başa vurduğum üçün kədərlənirəm. Amma mətbuat konfransında da dediyim kimi, əlimdən gələni etdim və vicdanım rahatdır. Futbol belədir, futbolçunun həyatı da belədir – bəzən qalib gəlirsən, bəzən uduzursan və hər zaman yoluna davam etməlisən”.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb. Bu, Ronaldonun dünya çempionatlarındakı sonuncu oyunu olub.

Qeyd edək ki, Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddəti daha bir il qüvvədə qalır. Beşqat “Qızıl top” sahibi karyerası ərzində UEFA Çempionlar Liqasını beş dəfə, Avropa çempionatını bir dəfə, UEFA Millətlər Liqasını isə iki dəfə qazanıb. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: