İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının oyunundan narazı qaldığını bildirib.
Alman mütəxəssis nəticənin sevindirici olduğunu desə də, futbolçularının çıxışını sərt tənqid edib:
“Heç vaxt deməmişdim ki, bu oyunda əziyyət çəkməli olacağıq. Bu gün həyatı özümüz üçün çox, çox çətinləşdirdik. Nəticə fantastikdir. Yarımfinala yüksəlmişik və bu, möhtəşəmdir. Amma oyunumuzdan razı deyiləm. Heç bir baxımdan.
Komandada əzmkarlıq var idi, lakin oynadığımız futbol səbəbindən problemləri özümüz yaratdıq. Çox sayda texniki səhvlər etdik, diqqətsiz davrandıq, topu kifayət qədər sürətli hərəkət etdirmədik və oyunumuzda ardıcıllıq yox idi. Bu gün bir qədər bəxtimiz gətirdi”.
Tomas Tuxel bunun psixoloji problemlərlə bağlı olmadığını vurğulayıb:
“Bilmirəm, bunun psixologiya ilə əlaqəsi var, ya yox. Məncə, məsələ bunda deyil. Xarakter baxımından komandada problem yoxdur. Hətta o qədər güclüdür ki, onu qablaşdırıb satmaq olar. Problem oyun keyfiyyətindədir. Daha yaxşı oynamalıyıq”.
Tuxel bir neçə futbolçunun çıxışını xüsusi qeyd edib:
“Ris Ceyms möhtəşəm oynadı. Morqan Rocers fantastik oyun keçirdi. Ebereçi Eze və Cəd Spens də matç ərzində performanslarını artırdılar. Onların hamısını təbrik edirəm. Amma ümumilikdə bu gün bəxt bizim tərəfdə idi”.
Alman mütəxəssis Cud Bellingemin performansına da toxunub:
“Bellinqem haqqında danışmağa ehtiyac yoxdur. O, bunu hər oyunda edir. Dünya səviyyəli futbolçudur”.
Sonda baş məşqçi komandanın inkişaf etməli olduğunu bildirib:
“Biz daha yaxşı olacağıq. Buna məcburuq. Amma indi bu uğuru qeyd etməli və anın dadını çıxarmalıyıq. Qarşıda üç günümüz var və bütün gücümüzə ehtiyac duyacağıq”.
Solbakken: “Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox”
Norveç millisinin baş məşqçisi Stol Solbakken isə İngiltərəyə 1:2 hesablı məğlubiyyətdən sonra futbolçularına görə təəssüfləndiyini deyib:
“Uşaqlara görə çox üzülürəm. Amma yüksək səviyyəli idman bəzən belə amansız olur. Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox. Bu dəfə şans bizdən üz döndərdi və bir çox məqam əleyhimizə işlədi.
İlk 20 dəqiqədə yaşadığımız çətinliklərdən sonra futbolçularımı tərifləməyə bilmərəm. Amma nəticə budur…”, – deyə göz yaşlarını saxlamaqda çətinlik çəkən Solbakken bildirib.


