Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/4 finalında İsveçrə üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, mütəxəssis rəqibin komandası üçün ciddi problemlər yaratdığını bildirib:
“Bu gün həqiqətən çox əziyyət çəkdik. Bilirdik ki, rəqib fiziki cəhətdən çox güclü komandadır. Düşünürəm ki, onlar bizə ciddi çətinliklər yaratdılar. Bəzi məqamlarda vəziyyətdən çıxış yolu tapa bilmirdik.
Açığını desəm, bu gün şans da bizim tərəfdə idi. Rəqibin futbolçularından biri qırmızı vərəqə aldı və bundan sonra hücumlarımızı daha da artırdıq. Reallığı qəbul etməliyik – hələ üzərində işləməli olduğumuz məqamlar var. Amma istənilən halda, qələbə qazanmaq hər zaman xoşdur”, deyə Skaloni vurğulayıb.
İsveçrə millisinin baş məşqçisi Murat Yakın isə uduzduqları oyundan sonra hakim qərarlarını sərt tənqid edib. O, xüsusilə Bril Emboloya göstərilmiş ikinci sarı vərəqənin haqsız olduğunu bildirib:
“Brel Embolonun ikinci sarı vərəqə alması üçün heç bir əsas görmədim. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və qəbuledilməz qərar ucbatından bu şəkildə mübarizəni dayandırmalı olduq.
Hakim və VAR-ın həmin qərarı necə qəbul etdiyini başa düşmürəm. Məhz bu qərar oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim sadəcə oyunu davam etdirməli idi”.
Xatırladaq ki, Argentina millisi İsveçrəni 3:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın yarımfinalında İngiltərə yığmasına rəqib olub.


