Dünya çempionatından (DÇ-2026) sonra Xorvatiya millisinin baş məşqçisi vəzifəsindən ayrılmış Zlatko Dailiçi bu postda Slaven Biliç əvəz edib.
Arena.az bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidmətinə istinadən məlumat verir.
57 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Biliç təyinatından sonra bunları deyib:
“Federasiya rəhbərliyinə mənə göstərdiyi etimada və Xorvatiya millisini yenidən çalışdırmaq imkanı yaratdığına görə təşəkkür edirəm. Zlatko Daliçin rəhbərliyi altında yaşanan möhtəşəm dövrdən sonra üzərimdə böyük gözləntilərin olacağını anlayıram. Ancaq Xorvatiya millisini çalışdıran hər kəs buna hazır olmalıdır. Çünki biz futbol ölkəsiyik.
Futbolçularımıza çox inanıram. Məqsədim komandaya yeni enerji, ambisiya və qətiyyət gətirmək, Xorvatiyanın dünya futbolunun elitasında qalmasını təmin etməkdir. Bu çağırışı səbirsizliklə gözləyirəm. İndi 2006-cı illə müqayisədə daha yetkin və təcrübəli məşqçiyəm, amma milli komandamızın güclü və uğurlu olması arzusu dəyişməyib”.
Xatırladaq ki, iyulun 8-də Zlatko Daliç 9 ilə yaxın davam edən fəaliyyətindən sonra Xorvatiya millisinin baş məşqçisi postundan ayrılmışdı. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il dünya çempionatının bürünc medalını qazanıb, 2023-cü ildə isə UEFA Millətlər Liqasının gümüş mükafatçısı olub. DÇ-2026-da isə xorvatlar 1/16 finalda Portuqaliyaya məğlub olaraq turnirlə vidalaşıblar.
Slaven Biliç üçün bu, Xorvatiya millisində ikinci dönəm olacaq. O, yığmanı ilk dəfə 2006-2012-ci illərdə çalışdırıb və komandanı 2008 və 2012-ci illərdə Avropa çempionatlarının final mərhələsinə çıxarıb.
Mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu olub. O, 2023-2024-cü illərdə bu komandaya rəhbərlik edib.
Biliç məşqçilik karyerası ərzində Moskvanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş”, İngiltərənin “Vest Hem”, “Vest Bromviç” və “Uotford”, Səudiyyə Ərəbistanının “Əl-İttihad”, həmçinin Çinin “Beytszin Qoan” klublarında da çalışıb.
Biliç futbolçu kimi isə Xorvatiyanın “Hayduk”, Almaniyanın “Karlsrue”, İngiltərənin “Vest Hem” və “Everton” komandalarının formasını geyinib. Xorvatiya millisinin heyətində isə o, 1998-ci il dünya çempionatının bürünc medalını qazanıb.



