Dünya çempionatının (DÇ-2026) yarımfinalında Fransa ilə oyun İspaniya millisinin futbolçuları Rodri və Emerik Laport üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, onlar 2:0 hesablı qələbəyə sevindikləri bu matçda dünya çempionatları tarixinə düşüblər.
Rodri mundialın yarımfinal görüşündə 67 dəqiq ötürmə yerinə yetirib. Bununla da “Mançester Siti”nin futbolçusunun DÇ-2026 ərzində etdiyi dəqiq ötürmələrin sayı 655-ə çatıb. Beləliklə, 30 yaşlı yarımmüdafiəçi 1966-cı ildən etibarən statistikanın aparıldığı dövrdə dünya çempionatlarında ən çox dəqiq ötürmə edən futbolçu rekordunu yeniləyib.
İspaniya millisinin müdafiəçisi Emerik Laport da tarixi göstəriciyə imza atıb. 31 yaşlı futbolçu dünya çempionatları tarixində doğulduğu ölkəni yarımfinal mərhələsində məğlub edən ilk oyunçu olub.
Fransada anadan olan Laport bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında 50-dən çox oyun keçirib. Lakin o, baş məşqçi Didye Deşamın rəhbərliyi altında Fransa millisində debüt etmək imkanı əldə etməyib.
Daha sonra İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer olunan müdafiəçi 2021-ci ildə İspaniya vətəndaşlığı alaraq bu ölkənin millisində çıxış etməyə başlayıb.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


