DÇ-2026-nın final oyununu Slavko Vinçiç idarə edəcək

FİFA ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) final matçına təyinatları açıqlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən məlumat verir.

İyulun 19-da keçiriləcək Argentina – İspaniya finalını sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

46 yaşlı referiyə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Mahadmeh, ehtiyat köməkçi hakim vəzifəsini isə onun həmyerlisi Mohammad Əl-Kalaf yerinə yetirəcək.

2010-cu ildən FİFA referisi statusu daşıyan Vinçiç 2024-cü ildə UEFA Çempionlar Liqasının finalını da idarə edib. O, DÇ-2026-da indiyədək dörd oyuna təyinat alıb.

Sloveniyalı hakim bu mundialın 1/16 finalında keçirilən Meksika – Ekvador (2:0) görüşündə ekvadorlu müdafiəçi Pyero İnkapyeni rəqibi ilə dialoq zamanı ağzını əli ilə örtdüyünə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırması ilə də gündəmə gəlmişdi.

Yeri gəlmişkən, FİFA həmçinin hakimlərin ümumi toplantısından görüntülər paylaşıb. Kadrlarda Slavko Vinçiç dünya çempionatının finalına baş hakim təyin olunduğunu öyrənərkən göz yaşlarını saxlaya bilmir. Bundan sonra zalda olan digər hakimlər ayağa qalxaraq onu alqışlarla təbrik ediblər.

Qeyd edək ki, Argentina – İspaniya finalı iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: