Natan Nqumu “Borussiya”nı “Nitsa”ya dəyişdi

Futbol üzrə Kamerun yığmasının cinah hücumçusu Natan Nqumu Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra Fransanın “Nitsa” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Borussiya” bu keçiddən sabit transfer məbləği əldə etməyib. Lakin müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Fransa klubu Almaniya təmsilçisinə 500 min avro ödəyəcək və futbolçunun növbəti satışından 10% pay verəcək.

Qeyd edək ki, Natan Nqumu ötən mövsümü axilles vətərinin zədəsi səbəbindən buraxıb. 2024/2025-ci illər mövsümündə isə o, Almaniya çempionatında 19 oyunda 2 qol vurub.

Nqumu Fransada dünyaya göz açıb. O, “Tuluza”nın yetirməsidir. “Borussiya” fransalı vingeri 2022-ci ilin avqustunda 8 milyon avro müqabilində heyətinə qatmışdı.

Fransanın U-19 və U-21 yığmalarında oynamış cinah hücumçusu 2025-ci ildən Kamerun millisində forma geyinir. O, bu komandanın heyətində 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: