ABŞ klubu “İnter Mayami”nin hücumçusu Lionel Messi futbol üzrə Argentina milli komandasındakı karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
Lionel Messi uzun illərdir kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt etmişdi. Ulduz hücumçu yığmada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014, 2026) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 23 oyuna çıxıb, 21 qol vurub, 10 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 111 oyun, 98 qol və 54 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.


