2027/2028-ci illər mövsümündə futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı Almaniyanın Münhen şəhərində keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Salonikidə keçirilmiş iclasında qəbul olunub.
Final qarşılaşmasının 2028-ci il mayın 27-də Münhen Arenasında keçirilməsi planlaşdırılır.
Münhen Arenası tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. 2012-ci ildə burada keçirilən finalda “Çelsi” əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatan oyundan sonra penaltilər seriyasında “Bavariya”ya 4:3 hesabı ilə qalib gələrək tarixində ilk dəfə turnirin qalibi olub.
2025-ci ildə isə Münhen Arenasında Çempionlar Liqasının kubokunu ilk dəfə PSJ qazanıb. Paris təmsilçisi finalda “İnter”i 5:0 hesabı ilə darmadağın edib.
UEFA İcraiyyə Komitəsi 2029-cu il Çempionlar Liqasının finalının keçiriləcəyi məkanı da müəyyənləşdirib. Həlledici qarşılaşma iyunun 2-də Barselonadakı “Kamp Nou” stadionunda baş tutacaq.
“Kamp Nou” üçün bu, Çempionlar Liqasının finalına üçüncü ev sahibliyi olacaq. Stadionda ilk dəfə 1989-cu ildə ÇL-in finalı keçirilib. Həmin görüşdə “Milan” Rumıniyanın “Styaua” klubunu 4:0 hesabı ilə məğlub edib. 1999-cu ildə isə “Mançester Yunayted” finalda “Bavariya”ya 2:1 hesabı ilə qalib gəlib.


