Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” PFK heyətini yeni hücumçu – Mbup Babakar ilə gücləndirib.
Arena.az xəbər verir ki, Bakı təmsilçisi son olaraq Serbiya Super Liqasında çıxış edən “Radniçki”nin formasını geyinmiş seneqallı hücumçu ilə müqavilə imzalandığını bəyan edib.
Klub sosial şəbəkə hesablarında futbolçunu “Xoş gəldin, Mbup Babakar!” sözləri ilə təqdim edib.
24 yaşlı forvardla 1+1 illik sözləşmə imzalanıb. O, yeni klubuna azad agent kimi cəlb edilib.
Babakar peşəkar karyerası ərzində əsasən Seneqal və Serbiyada çıxış edib. Futbolçu 2023-cü ildə Seneqalın “Diambars” klubundan Serbiyanın “Qrafiçar” komandasına keçib. O, “Qrafiçar”ın heyətində 56 matça çıxaraq 19 qol vurub və 6 məhsuldar ötürmə edib. Daha sonra “Radniçki”yə keçmiş Mbup burada 20 qarşılaşmada iştirak edib, 2 qol vurub və 1 assistlə yadda qalıb.
Mbup bundan əvvəl Seneqalda “Diambars” və “Kasa Sports” klublarında da çıxış edib.


