Berdıyev: “Şəfa” ilə matçda qələbəyə layiq idik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiç yenə ağır zədə aldı. Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək”.

“Şəfa”nın baş məşçqisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Nə meydandakı istək, nə də fiziki hazırlıq baxımından rəqibdən geridə qaldıq. Sadəcə, ustalığımız və heyətdəki səviyyəmiz belə iddialı komandalardan xal və ya xallar almağımıza kifayət etmir. Bu amil qarşılaşmanın taleyinə böyük təsir göstərdi. Təəssüf ki, qolu da öz diqqətsizliyimizdən, meydanın mərkəzində topu itirdikdən dərhal sonra buraxdıq.

Qış transfer pəncərəsi barədə hələ rəhbərliklə hər hansı danışığımız və ya müzakirəmiz olmayıb. Ustalıq səviyyəsi dedikdə, rəqibin heyətindəki keyfiyyətli futbolçuları da nəzərdə tuturam. Belə rəqiblərə qarşı oynayanda öz potensialını və ustalığını tam açmaq da asan olmur.

Püşk elə atılıb ki, geridə qalan 7 turda oynadığımız rəqiblərdən yalnız ikisi, “Qəbələ” və “İmişli” istisna olmaqla, qalan hamısı çempionluq mübarizəsi aparan klublar idi. İndiyədək məğlub olduğumuz matçları “qara zolaq” adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü, bilmirəm. Lakin düşünürəm ki, artıq dişimizə uyğun rəqiblərlə qarşılaşacağıq və həmin matçlarda mütləq şəkildə xal və xallar qazanmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: