Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kristiano Ronaldonun noyabr ayında milli komandaya qayıdacağına ümid edir.
Arena.az xəbər verir ki, federasiya rəhbəri bu barədə mətbuata açıqlamasında danışıb:
“Federasiya, baş məşqçi və bütün komanda yoldaşları eyni fikirdədir: Kriştianonun qayıtmasını istəyirik. Onun noyabrda, milli komandaların oyunları üçün nəzərdə tutulan fasilə zamanı geri dönəcəyini gözləyirəm. Kriştianu da qayıtmağa hazırdır. O, bütün zamanların ən yaxşısıdır”, – deyə Proensa bildirib.
Xatırladaq ki, daha əvvəl “A Bola” nəşri Portuqaliya Futbol Federasiyasına istinadən Ronaldonun milli komandada oyunlardan müvəqqəti kənarlaşdırıldığını yazıb.
41 yaşlı hücumçu məşq toplanışının ortasında Portuqaliya millisinin düşərgəsini tərk edib. Futbolçunun sözlərinə görə, buna baş məşqçi Jorje Jezusun ona verdiyi vədləri iki dəfə yerinə yetirməməsi səbəb olub.
Ronaldo UEFA Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı ilk oyunda (1:0) iştirak edib. Norveçlə qarşılaşmada (2:1) isə ehtiyat oyunçular skamyasında qalıb. Onun sözlərinə görə, əvvəlcə həmin matçda oynaması nəzərdə tutulmayıb. Lakin baş məşqçi ondan təxminən 30 dəqiqə meydana çıxmağa hazır olmasını istəyib və futbolçunu isinmə hərəkətlərinə göndərsə də, sonradan oyuna buraxmayıb.
Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edib. Komanda qrup mərhələsinin son iki oyununda noyabrın 14-də Danimarka, 17-də isə Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Kristiano Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib. Portuqaliyalı hücumçu beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və iki dəfə UEFA Millətlər Liqası titulunu qazanıb.
Ronaldonun peşəkar karyerasında 980 qol var. Onlardan 834-ü klub səviyyəsində, 146-sı isə Portuqaliya millisinin heyətində vurulub.


