“Borussiya”nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada komandasının aşkar favorit olduğunu bildirib.
Dortmund “Borussiya”sı Çempionlar Liqasının ilk turunda evdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib. Lakin komanda ikinci turda Norveçdə “Bodo Qlimt”ə 0:1 hesabı ilə uduzub. Dortmund təmsilçisi Almaniya Bundesliqasında “Union Berlin”lə səfər oyunundan isə qolsuz heç-heçə ilə ayrılıb.
Niko Kovaç son iki matçda qol vura bilməmələrinin səbəblərindən danışaraq hücumda daha sürətli və dəqiq oynamağın vacibliyini vurğulayıb:
“Son üçdəbir zonada təhlükə yaratmaq üçün müəyyən oyun planımız var. Ancaq son iki matçda bunu edə bilmədik və buna görə də qol vurmadıq. Qalib gəlmək istəyiriksə, qol vurmalıyıq. Daha sürətli və dəqiq oynamalı, daha çox zərbə endirməliyik. Sabah qapıya daha çox zərbə vurmalıyıq ki, bəlkə də qolu məcburən əldə edək”.
Baş məşqçi “Sabah”a hörmətlə yanaşdıqlarını da bildirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisinin əvvəlki turda Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub etməsi rəqibin ciddiliyini göstərir.
“Rəqibə ciddi yanaşırıq. Xüsusilə də son oyununda burada “Slaviya”nı 2:0 hesabı ilə məğlub etdiyini nəzərə alsaq. Diqqətli olmalıyıq. Ümid edirəm ki, oyun ərzində şübhəsiz sahib olduğumuz keyfiyyətləri göstərə biləcəyik. Biz burada aşkar favoritik və bu oyunu qazanmaq istəyirik, həm də qazanmalıyıq”, – deyə Kovaç vurğulayıb.
“Borussiya”nın isveçli müdafiəçisi Daniel Svensson da mətbuat konfransında fikirlərini bölüşüb:
“Bütün oyunlarda olduğu kimi, bu matça da yaxşı hazırlaşmışam. Rəqib oyunçuların hamısı ilə yaxından tanış olmuşam. Oyuna start heyətində başlasam, hansı oyunçu ilə qarşı-qarşıya qalacağımı bilmirəm”.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.


