Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 8-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 8-ci tur
“Şamaxı” – “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı”nın məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şamaxı” buna görə 2500 manat cərimə edilib. “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Naxçıvan komandası buna görə 500 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 5000 manat cərimə edilib. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 3000 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilib.
“İmişli” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə ödəyəcək.


