Türkiyəli futbol mütəxəssisi, “Beşiktaş”ın sabiq çalışdırıcısı Sergen Yalçın bundan sonra ölkəsinin milli komandasına baş məşqçilik edəcək.
Arena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu ilə görüşü müsbət nəticələnib. Tərəflər hələ rəsmi sənədlərə imza atmasalar da, əməkdaşlıq barədə razılığa gəliblər. Türkiyəli mütəxəssis 4 illik razılaşma əldə etdiklərini açıqlayıb.
Yalçın milli komandaya rəhbərlik etməyi böyük şərəf hesab etdiyini bildirib. O, qarşıdakı əsas hədəflərin Avropa çempionatı və dünya çempionatına vəsiqə qazanmaq olduğunu vurğulayıb:
“Dörd illik müqavilə çox uzun görünməsin. Avropa çempionatı və dünya çempionatı qarşıda olduğuna görə bu müddətə ehtiyac var. Biz həmin turnirlərdə iştirak etmək istəyirik”, – deyə mütəxəssis bildirib.
Sergen Yalçın UEFA Millətlər Liqasındakı vəziyyətə də toxunub. O, Türkiyənin A Liqasında qalması üçün Belçika ilə qarşılaşmanın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Mütəxəssisin fikrincə, qələbə pley-off mərhələsinə yüksəlmək şansını artıra bilər.
Türkiyə millisinin mümkün heyəti barədə danışan Yalçın qapıçı Berke Özerin komandaya qayıtmasının mümkün olduğunu deyib. O, futbolçu ilə danışacağını və əvvəlki problemlərin həll edilə biləcəyini bildirib. Mütəxəssis Arda Gülər, Kenan Yıldız, Can Uzun, Deniz Gül və Aral Şimşirin də potensialına toxunub.
Yalçın milli komandada dəyişikliklərin olacağını, məşqçilər heyəti ilə birlikdə ciddi çalışacaqlarını vurğulayıb. O, TFF rəhbəri ilə söhbətində hətta maaş məsələsini müzakirə etmədiyini, əsas məqsədinin Türkiyə millisi ilə uğur qazanmaq olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə millisində bundan əvvəl Vinçentso Montella çalışıb. Yalçının təyinatı ilə bağlı rəsmi imzaların atıldığı hələ açıqlanmayıb.


