Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandesin yaşadığı ev qarət olunub.
Arena.az xəbər verir ki, hadisə futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində İtaliyanın “Komo” klubuna qarşı keçirilən oyunda olduğu vaxt baş verib.
Həmin vaxt Fernandesin ailəsi də evdə olmayıb. Dəymiş ziyanın məbləği açıqlanmayıb.
Məlumata görə, hadisə barədə polisə futbolçunun qonşularından biri xəbər verib. Üç naməlum şəxsin evin arxa həyətində göründüyü bildirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatanda şübhəlilər artıq ərazini tərk etmişdilər. Onların evdə beş dəqiqədən az müddət qaldıqları ehtimal olunur.
Polis nümayəndəsi bildirib ki, evə qanunsuz daxil olunması və bir neçə əşyanın oğurlanması faktı müəyyən edilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Qeyd edək ki, “Mançester Yunayted” çərşənbə günü səfərdə “Komo”ya 1:4 hesabı ilə məğlub olub. Görüşdən sonra Fernandes baş məşqçi Maykl Karriki seçdiyi taktiki plana görə tənqid edib. “Sky Sports”un məlumatına əsasən, klub portuqaliyalı futbolçuya qarşı intizam tədbiri görməyəcək və onu kapitan sarğısından məhrum etməyəcək.
32 yaşlı Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. O, komandanın heyətində bütün turnirlərdə 338 oyun keçirib, 111 qol vurub və 109 məhsuldar ötürmə verib. Portuqaliyalı futbolçu klubla 2023-cü ildə İngiltərə Liqa Kubokunu, 2024-cü ildə isə İngiltərə Kubokunu qazanıb.
Bruno Fernandes ötən mövsüm Premyer Liqada 21 məhsuldar ötürmə ilə yadda qalıb və bir çempionat ərzində bu göstərici üzrə rekord müəyyənləşdirib.


