Tibo Kurtua “Barselona” ilə oyunu buraxacaq – qripə görə

“Real”ın qapıçısı Tibo Kurtua qripə yoluxduğu üçün İspaniya çempionatının 10-cu turunda “Barselona” ilə oyunda iştirak edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı belçikalı qolkiper son anda qarşılaşmanın iştirak ərizəsindən çıxarılıb. “Barselona” – “Real” oyunu bu gün, oktyabrın 25-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tibo Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir. O, Madrid təmsilçisinin heyətində üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Qapıçı, həmçinin İspaniya Kubokunu, klublararası dünya çempionatını və Qitələrarası Kuboku hərəyə bir dəfə qazanıb.

Kurtua karyerası ərzində Belçikanın “Genk”, İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko” klublarında da oynayıb. O, Belçika millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının bürünc medalını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: