U-15 dünya çempionatındakı ilk oyunda Timor-Lesteni məğlub edən Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov çıqlama verib.
Arena.az xəbər verir ki, baş məşqçi 6:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra ölkə başçısının onları təbrik etdiyini söyləyib:
“Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək”.
Famil Xəlilov böyükhesablı qələbə qazandıqları üçün sevindiklərini deyib:
“İlk hissədə bir az çətinlik yaşadıq. Sonra toparlanaraq layiq olduğumuz qalibiyyət əldə etdik. Qarşıda daha güclü komandalarla oyunlar var”.
Qeyd edək ki, bu oyundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım və ailə üzvləri milli komandamızın futbolçuları ilə görüşüblər. Prezident İlham Əliyev görüşdə futbolçularla söhbət edib:
“Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komandamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.



