“İmişli”nin baş məşqçisi Ervin Perkon Azərbaycan Premyer Liqasının 9-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə “İmişli” 2:1 hesablı qələbəyə sevinib.
Əyalət təmsilçisinə müvəqqəti baş məşqçi təyin edilmiş Ervin Perkon qələbə qazandıqları növbəti görüşlə bağlı bunları söyləyib:
“Bərabər səviyyədə oyun keçdi. Xüsusən də, ikinci hissəni qeyd edərdim. Çox şanslarımız var idi, yüksək təzyiqlə oynadıq. Bu da rəqibə problem yaratdı. “Şamaxı” 7 oyun idi ki, uduzmurdu. Biz rəqibə sürpriz etmək istəyirdik. Ona görə düzülüşümüzü dəyişdik, iki hücumçu ilə oynadıq. Onlar fasilədən sonra gedişatı dəyişmək niyyətində idilər. Daha çox təşəbbüsə yiyələnmək istəyirdilər. Bilmirəm onlar bunu yaxşı etdilər, yoxsa biz səhv etdik. Nəticədə qol buraxdıq. Amma o qoldan sonra birinci hissədəki kimi yüksək tempdə oynamağa başladıq.
Hər iki komandanın yaxşı şansları oldu. Oyunun gedişində düzülüşdə dəyişikliyə getdik, yenidən iki hücumçu ilə oynadıq. Riskə getdik, bəhrəsini gördük. Turnir cədvəlindəki daha aşağı pillədə yer alan komanda bəlkə də bərabərliyə razı olardı. Amma biz razı olmadıq, risk aldıq. Sonda da futbol tanrısı bizə kömək etdi və penalti qismətimiz oldu. Bundan yararlandıq, son dəqiqələrdə də müdafiədə yaxşı oynadıq. Üç xal bizim haqqımız idi”.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İmişli”də baş məşqçi dəyişikliyi olmuşdu və futbolçularımızı buna uyğun hazırlamağa çalışmışdıq. Lakin ilk hissədə ötürmələrdə çox səhvlərə yol verdik. Xüsusilə təəssüfləndirici məqam odur ki, rəqib hər iki qolda xüsusi heç nə yaratmadı. Qollar bizim öz səhvlərimizin nəticəsi idi.
İkinci hissədə düzəlişlər etdik, yaxşı başladıq və qol vurmağı bacardıq. Təəssüf ki, oyunun sonlarına yaxın penalti təyin olundu. Hakimlərin bu epizodu necə qiymətləndirməsi barədə ətraflı danışmaq istəmirəm. Nəticədə məğlub olduq.
Qarşımıza çıxan bütün maneələri aşaraq daha güclü komanda formalaşdırmağa çalışacağıq. İnanıram ki, hər şey yoluna düşəcək. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq”.


