“Kəpəz” – “Baku Sportinq” matçında yeni rekord

Futbol üzrə Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Baku Sportinq” qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur.

Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024-cü illər mövsümündə 2-ci təsnifat mərhələsinin “Turan Tovuz” – “Göygöl” (5:1) matçında qeydə alınan, 2024/2025-ci illər mövsümündə I təsnifat mərhələsinin “Şəki” – “Şəmkir” (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.

Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, 2-ci təsnifat mərhələləri üçün rekorddur. 2023/2024-cü illər mövsümündə 11 matçda 3955, 2024/2025-ci illər mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026-cı illər mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.

1-ci təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/2024-cü illər mövsümündə 5615, 2024/2025-ci illər mövsümündə 4560, 2025/2026-cı illər mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.

Qeyd edək ki, bu mərhələdə “Şimal” – “Araz-Naxçıvan” (50), “Marafon” – “Zaqatala” (300), “İmişli” – “Qaradağ Lökbatan” (20), “Kür-Araz” – “Sumqayıt” (600), “Qəbələ” – “Mingəçevir” (150), MOİK – “Şahdağ Qusar” (100), “Xankəndi” – “Gəncəbasar” (20), “Hypers” – “Şamaxı” (300), “Şəfa” – “Ağstafa Gəncləri” (50), “Zəngəzur” – “Karvan” (40), “Səbail” – “Zirə” (200), “Kəpəz” – “Baku Sportinq” (5000) matçları baş tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: