Azərbaycanda təşkil edilmiş və tarixdə ilk dəfə keçirilən futbol üzrə FIFA U-15 Dünya Çempionatı və Festivalına bu gün yekun vurulacaq.
Arena.az xəbər verir ki, mundial qalmaqalsız ötüşmür.
Belə ki, 15 yaşadək futbolçulardan ibarət İngiltərə və Boliviya yığmalarının oyunçuları pley-off matçının sonunda əlbəyaxa olublar. İnsident qarşılaşmanın son dəqiqəsində, hesab 2:2 olarkən baş verib.
Həmin vaxt İngiltərə millisinin qapısına penalti təyin edilib. Boliviya yığmasının qapıçısı etiraz əlaməti olaraq qapının dirəklərindən birinin yanında dayanıb. İngiltərə millisinin futbolçusu isə penalti zərbəsini qapı boş olduğu üçün dəqiq yerinə yetirib. Bundan sonra meydanda futbolçular arasında qarşıdurma yaşanıb.
Xatırladaq ki, İngiltərənin U-15 millisi bundan əvvəl də turnirdə qalmaqalla gündəmə gəlib. Belə ki, oktyabrın 26-da komanda İrlandiya ilə qrup mərhələsi oyununu vaxtından əvvəl tərk edib.
Həmin qarşılaşmanın son dəqiqəsində, hesab İrlandiyanın 4:1 hesablı üstünlüyü ilə davam edərkən, ingilislər rəqib futbolçuların irqçi davranışına məruz qaldıqlarını bildiriblər. İngiltərə millisinin məşqçilər korpusu baş verənlər barədə hakimləri məlumatlandırdıqdan sonra futbolçulara meydanı tərk etmək göstərişi verib.
Qeyd edək ki, bu gün Hövsan Yarış Kompleksində 90 qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. Günün davamında futbol həyəcanı Bakı Kristal Zalında davam edəcək. Burada 6 final görüşü keçiriləcək, qaliblər mükafatlandırılacaq və FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 təntənəli bağlanış mərasimi ilə yekunlaşacaq.


