Canni İnfantino: “Bakıdakı DÇ FIFA-nın ən uğurlu layihəsidir”

FIFA-nın prezidenti Canni İnfantino Bakıda təşkil edilmiş və ilk dəfə keçirilmiş U-15 dünya çempionatı və festivalını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, qurumun mətbuat xidmətinə açıqlamasında bu turniri FIFA-nın son 120 ildə həyata keçirilmiş ən uğurlu layihəsi adlandırıb.

Canni İnfantino 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:

“Bütün 211 ölkə dəvət olunmuşdu, onlardan 189-u Bakıya gələrək yarışda iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz anlar yaşadılar. Futbol hər kəs üçündür. Bütün istedadlar dünya çempionatında oynaya bilməlidir. Ölkənin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması vacib deyil. Hər kəs bu şansa layiqdir”.

Ali futbol qurumunun rəhbəri komandaların eyni şəhərcikdə məskunlaşdığını vurğulayıb:

“Dil bilmədən də ünsiyyət qurdular. Bütün iştirakçılar eyni şəhərcikdə qalırdılar. Mən də orada idim və onlarla həmsöhbət oldum. 14-15 yaşlı oğlanlar ətrafına sevinc və sevgi paylayırdılar. Bu təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, son 120 ildə FIFA-nın gördüyü ən yaxşı işdir”.

Xatırladaq ki, Bakıda təşkil edilmiş U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyanı 3:0 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: