“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Matç bizim üçün çox pis başladı. İlk 15-20 dəqiqədə çoxlu top itkisinə yol verdik. Müdafiədən çıxarkən etdiyimiz səhvdən rəqib yararlandı və qol vurdu. Bundan sonra oyunda üstünlüyü ələ aldıq, fasiləyədək bir neçə təhlükəli hücum qurduq. Təəssüf ki, bu epizodları qolla tamamlaya bilmədik.
İkinci hissəyə də fəal başladıq, amma həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra hesabı dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma rəqibin də gücünü nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm. Bu gedişatda bir xal da bizim üçün önəmlidir.
“Sumqayıt”la görüşdə də yaxşı reaksiya göstərmişdik. Çempionatdakı rəqiblərimizin heyətləri güclüdür. Hər birində nəticəni dəyişə biləcək təcrübəli və usta futbolçular var. Daha çox çalışmalı və yaratdığımız üstünlüyü nəticəyə çevirməliyik. Üstünlük əldə edirik, amma hər zaman bundan yararlana bilmirik.
2:2-dən sonra da qol imkanlarımız oldu, amma bir epizodda dəqiqlik çatmadı. “Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik və heyəti istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. “Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır”.
“Futbolçularda sanki həyəcan var” – Yuri Maksimov
“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov isə heç-heçəyə belə aydınlıq gətirib:
“Komandama qazandığımız 1 xala görə təşəkkür edirəm. Qələbə hesabını qorumaq üçün çalışdıq, amma gücümüz çatmadı. Düzdür, 2:0 öndə olan zaman fərqi artırmaq imkanlarımız oldu. Futbolçularda sanki həyəcan var. Bu da komandanın turnir cədvəlinin sonuncu pilləsində olmasından irəli gəlir. Əgər orta illərdə yer alsaydıq, onlar daha rahat oynayardılar”.


