Anton Krivotsyuk “Jeonbuk”la heç-heçədə 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 34-cü turu çərçivəsində “Jeonbuk”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 34 oyuna topladığı 51 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 34 oyunda 13 qələbə qazanıb, 11 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 23-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 120 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 48 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: