Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının “Livyi Bereq”lə matçını buraxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində səfərdə “Livyi Bereq”lə qarşılaşıb.
Lakin qarşılaşma sona çatdırılmayıb. Belə ki, ilk hissədən sonra Kiyevdə hava həyəcanı siqnalı verildiyi üçün matç yarımçıq saxlanılıb. Birinci hissədən sonra “Bukovina” 1:0 öndə olub. Qarşılaşmanın ikinci hissəsi sabah yerli vaxtla 12:00-da oynanılacaq.
Hazırda zədəli olan Renat bu görüşün iştirakçısı olmayıb.
“Bukovina” 10 turdan sonra 9 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Sözügedən komanda 10 oyunda 1 qələbə qazanıb, 6 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.
Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.
Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.


