Maykl Karrik “Mançester Yunayted”ə bu sözlərlə vida etdi

“Mançester Yunayted”in sabiq baş məşqçisi Maykl Karrik istefasından sonra İngiltərə klubununun azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, 45 yaşlı ingiltərəli mütəxəssis sosial şəbəkələrdə paylaşdığı vida mesajında azarkeşlərə çətin dönəmdə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Maykl Karrik “Mançester Yunayted”ə rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu və klubda gördüyü işlərlə hər zaman qürur duyacağını bildirib:

“Mançester Yunayted”ə – sevdiyim futbol klubuna rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Çox az insan belə bir fürsət əldə edir və buna görə sonsuz minnətdaram. Bu, böyük məsuliyyətdir və “Mançester Yunayted”də olduğunuz müddətdə bunun nə demək olduğunu dəqiq anlamalısınız. Burada hər şey başqa yerlərdən fərqlidir.

Bu, gözardı edilə bilməyəcək unikal tarixə malik futbol klubudur. Sizə, azarkeşlərə böyük təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, son vaxtlar istədiyimiz nəticələri əldə edə bilməmişik. Lakin siz üz döndərməyin daha asan olduğu bir vaxtda sevginizi və dəstəyinizi göstərdiniz. Məhz buna görə bütün bu illər ərzində bu klubu sevmişəm.

“Mançester Yunayted”ə yalnız uğurlar arzulayıram. Bu klub həyatımın böyük bir hissəsi olub və bu heç vaxt dəyişməyəcək. Buraya verdiyim töhfə ilə hər zaman qürur duyacağam və həmişə klub üçün ən yaxşısını arzulayacağam”.

Qeyd edək ki, “Mançester Yunayted”in rəhbərliyi artıq Karrikin əvəzinə argentinalı mütəxəssis Maurisio Poçettinonu baş məşqçi təyin edib. Klubun mətbuat xidməti Poçettinonun ABŞ millisindəki vəzifəsini tərk edəcəyini və noyabrın 18-dən etibarən İngiltərə klubunda işə başlayacağını təsdiqləyib.

“Mançester Yunayted” İngiltərə çempionatının 10 turundan sonra cəmi 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində, autsayderlər zonasında qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: