“Sabah”ın hücumçusu Coy-Lens Mikels klubun tarixinə düşüb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sözügedən komanda Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda “Zirə”ni 3:1 hesabıyla məğlub edib. Bu matçda komandasının ikinci qoluna imza atan Coy-Lens Mikels tarixi bir uğura imza atıb. Cari mövsümdə 9-cu qoluna imza atan almaniyalı hücumçu, “Sabah”ın heyətində yüksək liqada bir mövsümdə ən çox fərqlənən oyunçuya çevrilib.
Bundan əvvəlki rekord Marko Deviçə məxsus idi (8 qol). Bundan əlavə, Mikels həm də Deviçlə birgə “Sabah”ın Premyer Liqada ən çox qol vuran futbolçusudur.
28 yaşlı futbolçu ümumi qolların sayına görə liderdir – 12 qol (9 qol çempionatda, 3 qol ölkə kubokunda).
Coy-Lens Mikels Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirlər siyahısında ikinci pillədə yer alıb. “Zirə”nin hücumçusu Davit Volkov vurduğu 10 qolla çempionatımızın hələlik ən məhsuldar oyunçusudur. “Qarabağ”ın yarımmüdafiəçiləri Filip Ozobiç və Abdullah Zubirin hesabında 8 qol var. “Neftçi”nin hücumçusu Tyaqo Bezerra isə 7 qola imza atıb.


